AZƏRBAYCANIN İKİ HAKİMİ İDMAN GİMNASTİKASI ÜZRƏ BEYNƏLXALQ DƏRƏCƏ ALMIŞDIR
Beynəlxalq Gimnastika Federasiyasının kişilər arasında idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Adrian Stoykanın rəhbərliyi ilə aprelin 1-4-də Bakıda keçirilən kursların yekunlarına görə Azərbaycanın iki hakimi beynəlxalq dərəcə almışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Elşən Əliyev və Rza Əliyev imtahanları uğurla verərək, dördüncü dərəcəli breve almışlar. Onlar müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk beynəlxalq dərəcəli hakim olmuşlar. Bu, hakimlərimizə müxtəlif beynəlxalq turnirləri idarə etməyə imkan verəcəkdir. Doğrudur, söhbət hələlik Avropa və dünya çempionatlarından getmir, çünki dördüncü dərəcə onlara bu səviyyədə yarışlara hakimlik etmək hüququ vermir. Daha yüksək kateqoriya almaq üçün bir imtahan da vermək lazımdır. Bakıda keçirilən kurslar bu istiqamətdə atılan ilk addımdır.
Adrian Stoyka etiraf etmişdir ki, əvvəllər Azərbaycanda idman gimnastikasının inkişaf səviyyəsi barədə təsəvvürü yox idi. O demişdir: “Sizin məktəbinizin müəyyən potensialı var və bu, gələcəkdə müəyyən tərəqqiyə nail olmağa imkan verəcəkdir”.
Stoyka Bakıda idman gimnastikası üzrə beynəlxalq turnirin keçirilməsi təşəbbüsünə müsbət yanaşmışdır. O, Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə təşkil etdiyi seminarın yüksək səviyyədə keçirildiyini də vurğulamışdır.
Kurslarda yerli hakimlərlə yanaşı, Səudiyyə Ərəbistanının nümayəndələri də iştirak etmişlər. Onlardan biri imtahanı uğurla vermişdir.