QAN YADDAŞI
AZƏRBAYCANIN KANADADAKI SƏFİRLİYİ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRMİŞDİR
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Kanadadakı səfirliyi 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Torontoda tədbir keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı Kanada Federal Parlamentinin üzvü, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Yasmin Ratansi, Ontario Qanunvericilik Assambleyasının deputatı Reza Moridi və Ontario Qanunvericilik Assambleyasının üzvü, Ontario İnvestisiya və Ticarət Məsləhət Şurasının sədri Monte Kvinter iştirak etmişlər.
Səfir Fərid Şəfiyev 20 Yanvar faciəsinin tarixi, başvermə səbəbləri barədə ətraflı məlumat vermiş, keçmiş sovet ordusunun dinc əhalini amansızcasına qətlə yetirdiyini diqqətə çatdırmışdır. Diplomat, bütün bunlara baxmayaraq Sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini xüsusi qeyd etmişdir.
Yasmin Ratansi 20 Yanvar hadisələrini ağır bir faciə kimi dəyərləndirmiş, şəhidlərin Azərbaycanın müstəqilliyi uğrunda öz canlarını qurban verdiyini bildirmişdir.
Xanım siyasətçi, 20 Yanvar hadisələrindən dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Sovet hakimiyyətinə qarşı cəsarətli çıxışını xüsusi vurğulamış, müasir, müstəqil Azərbaycanın regionda nümunəvi ölkəyə çevrildiyini bildirmişdir.
Monte Kvinter, Reza Moridi və başqaları çıxış edərək 20 Yanvar qırğınını qətiyyətlə pisləmiş, bu hadisənin Azərbaycan xalqının yaşadığı yeganə faciə olmadığını qeyd etmiş, bunun müstəqil Azərbaycan dövlətinin əsasının qoyulmasında önəmli hadisə olduğunu vurğulamışlar. Natiqlər Sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun 20 Yanvar faciəsini törətməkdə təqsirkar olduğunu və onun bu cinayətkar əməlinə görə bilavasitə məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirmişlər.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
######