SİYASƏT
Azərbaycanın Özbəkistandakı səfirliyi oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə tam hazırdır
Daşkənd, 2 oktyabr (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərinə tam hazırdır.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev məlumat vermişdir. Onun sözlərinə görə, səfirlikdə məntəqə seçki komissiyası yaradılmış, onun ilk iclası keçirilmiş və komissiyanın 6 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir.
Səfir qeyd etmişdir ki, seçki keçiriləcək salona Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin şəkilləri və platformaları asılmışdır. Hər gün seçicilər səfirliyə gəlir və namizədlərin platformaları ilə tanış olurlar.
Hüseyn Quliyev demişdir ki, artıq seçicilərin siyahıları da hazırdır. Azərbaycan vətəndaşı olan 150-dən artıq seçicinin siyahısı təsdiq edilmişdir. Amma səsverməyə bundan da artıq seçicinin gələcəyi gözlənilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd