AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BOLQARISTANDA SƏFƏRDƏDİR
Sentyabrın 28-də Bolqarıstan Xalq Məclisinin sədri Oqnyan Qercikovla Milli Məclisin nümayəndə heyətinin görüşü olmuşdur. Murtuz Ələsgərovu və nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Xalq Məclisinin sədri Bolqarıstan-Azərbaycan münasibətlərindən, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən söz açmışdır. O demişdir ki, Azərbaycan parlament nümayəndə heyətinin Bolqarıstana rəsmi səfəri çox böyük əhəmiyyət kəsb edir. Bu səfər və yaxın günlərdə Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana gözlənilən rəsmi səfəri iki ölkənin münasibətlərinin inkişafına böyük təkan verəcəkdir. Qarşılıqlı səfərlər iqtisadi əlaqələrimizə də müsbət təsir göstərəcəkdir.
O.Qercikov söhbət zamanı TRASECA layihəsindən geniş söhbət açmış və onun əhəmiyyətini xüsusi vurğulamışdır.
Səmimi qarşılandıqları üçün nümayəndə heyəti adından təşəkkürünü bildirən Murtuz Ələsgərov parlamentlərarası münasibətlərdən, dostluq qruplarının fəaliyyətindən, habelə Dağlıq Qarabağ problemindən geniş söhbət açmışdır.
Görüşdə Xalq Məclisinin sədri ikitərəfli münasibətlərin inkişafından, parlament əlaqələrinin əhəmiyyətindən danışmış, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı onun ölkəsinin sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsiplərini həmişə dəstəklədiyini bildirmişdir.
Görüşdən sonra parlament sədrləri və nümayəndə heyətinin üzvləri Sofiyada naməlum əsgərin abidəsi önünə əklil qoymuşlar. Hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Həmin gün Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Murtuz Ələsgərov başda olmaqla Azərbaycan parlamentinin nümayəndə heyətini qəbul etmişdir. Bolqarıstan Prezidenti, ilk növbədə, Azərbaycana gözlənilən rəsmi səfərindən söz açmış, Prezident İlham Əliyevlə görüşünə böyük ümidlər bəslədiyini bildirmişdir.
Milli Məclisin sədri səmimi qəbula görə təşəkkür etmiş, Bolqarıstan rəhbərinə Azərbaycan Prezidentinin salamlarını çatdırmışdır.
M.Ələsgərov Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivlərindən, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən, Dağlıq Qarabağ probleminin həlli məsələsindən ətraflı bəhs etmişdir.
Bolqarıstan Prezidenti iki dövlətin dostluq münasibətlərindən, iqtisadi əlaqələrindən danışmış, eyni zamanda, Dağlıq Qarabağ probleminə toxunaraq demişdir ki, biz bu problemin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll olunmasına tərəfdarıq.
Prezident Georgi Pırvanov onun səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmiş və yaxın vaxtlarda respublikamıza səfər edəcəyini bir daha vurğulamışdır.
Azərbaycanın parlament nümayəndə heyəti həmin gün Bolqarıstanın Baş naziri Simeon Sakskoburqqotski ilə görüşmüşdür. Söhbət zamanı Azərbaycan-Bolqarıstan iqtisadi və mədəni əlaqələrinə dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin Bolqarıstana rəsmi səfəri davam edir.