Azərbaycanın qadın şahmatçıları Qəbələdə hazırlığa başlayıblar
Bakı, 23 iyun, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycanın qadın şahmatçılardan ibarət birinci və ikinci komandaları Qəbələdə təlim-məşq toplanışına başlayıb.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırlığın ilk mərhələsində beynəlxalq qrossmeysterlər Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Günay Məmmədzadə, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edirlər. Təlim-məşq toplanışı başa çatandan sonra birinci və ikinci komandanın heyəti müəyyənləşəcək.
Qadın şahmatçılarımız Qəbələdə məşqçilər Anar Allahverdiyev, Fikrət Südeyifzadə, Konstantin Landa və Fərid Abbasovun rəhbərliyi ilə hazırlaşırlar.