Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb
Bakı, 7 yanvar, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına əsasən, 2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci illə müqayisədə 870 milyon dollar və ya 47,2 faiz artıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 milyon dollar artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2 faiz, pambıq lifi ixracı 58,3 faiz, şəkər ixracı isə 19,3 faiz artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2021-ci ilin dekabr ayı üzrə ixrac 2,4 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9 faiz təşkil etməklə 353,6 milyon dollar olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7 faiz artaraq 101,5 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 93,7 faiz artaraq 252,1 milyon dollar təşkil edib.