AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİNİN KONSULLUQ ŞÖBƏSİ ADİ REJİMDƏ İŞLƏYİR
R.Məmmədov demişdir ki, heç bir kütləvi deportasiya təhlükəsi və həmvətənlərimizin hüquqlarının kütləvi surətdə pozulmasına dair faktlar yoxdur. Lakin Şimali Qafqazda faciəli hadisələrdən və Rusiya ərazisində bir sıra terror aktlarından sonra ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar hüquq mühafizə orqanları əcnəbi vətəndaşların RF ərazisində olması qaydalarına əməl edilməsinə nəzarəti gücləndirmişlər. Bu nəzarət “Rusiyada əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” 2002-ci il iyulun 25-də qəbul edilmiş qanuna uyğun olaraq həyata keçirilir. Əcnəbi vətəndaşların ölkəyə gəlməsi, ölkədə olması və ölkədən getməsi məsələləri həmin qanunla tənzimlənir. R.Məmmədov bildirmişdir ki, çox güman, bu qanuna yenidən baxılacaqdır. Çünki Rusiya hakimiyyət orqanları bildirirlər ki, əcnəbi vətəndaşların statusu haqqında qanunda edilən düzəlişlər ölkənin Konstitusiyası əsasında və beynəlxalq normalar çərçivəsində həyata keçiriləcəkdir. Hazırda həmin qanunda ölkəyə üç ay müddətinə gələn əcnəbilərin qeydiyyatdan keçməsi nəzərdə tutulur. Müəyyən edilmiş qaydada vaxtında qeydiyyatdan keçən şəxslər heç bir əngəl törədilmədən Rusiya Federasiyasının ərazisində qala bilərlər. Rusiya dövlətinin qoyduğu qaydanı pozanlar isə, əcnəbi vətəndaşların statusu haqqında qanunun 34-cü maddəsinə əsasən, ölkədən deportasiya edilir.
R.Məmmədov demişdir ki, Rusiyadakı həmvətənlərimizin hüquqlarını müdafiə məqsədi ilə hazırda Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayevin rəhbərliyi ilə “Rusiya Federasiyasındakı Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyəti haqqında” kitabça nəşrə hazırlanır. Bu, Rusiyadakı vətəndaşlarımıza hüquqi yardım göstərmək məqsədi ilə nəşr edilən yeganə normativ sənəd olacaqdır.