AZƏRBAYCANIN VƏ RUSİYANIN DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ƏMƏLİYYAT TƏDBİRİ UĞURLA NƏTİCƏLƏNMİŞDİR
Bu günlərdə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının Dağıstan milisi ilə birgə həyata keçirdikləri tədbirlər 2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir sıra ağır cinayətlər törətmiş Hacı Maqomedovun terrorçu cinayətkar dəstəsinin ən fəal üzvlərindən biri, Zaqatala rayonunun Axaxdərə kənd sakini Gəray Məmmədov qonşu ölkənin ərazisində həbs olunaraq respublikamıza gətirilməsi ilə nəticələnmişdir.
2001-ci ilin sentyabr ayından barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Gəray Məmmədovun bölgədə baş vermiş bir çox ağır cinayətlərin fəal iştirakçılarından olması istintaqla tam sübuta yetirilmişdir.
Daxili İşlər Nazirliyi əməkdaşlarının rusiyalı həmkarları ilə Yessentuki şəhərində keçirdikləri əməliyyat tədbiri də uğurla nəticələnmişdir. 2001-2004-cü illər ərzində Gəncədə, Bakıda və Rusiya Federasiyasının ərazisində onlarla qətl hadisəsi və digər ağır cinayətlər törətmiş mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü - İmran Cənnətov tutularaq respublikamızın istintaq orqanlarına təhvil verilmişdir. Yeri gəlmişkən, barələrində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş bu cinayətkar dəstənin 26 üzvündən 18-i artıq həbs edilmişdir.
Hər iki mütəşəkkil dəstənin istintaqdan yayınan digər üzvlərinin də tutulması, onların törətdikləri bütün cinayətlərin açılması və hüquqazidd əməllərinin tam ifşa olunması üçün zəruri tədbirlər ardıcıl surətdə davam etdirilir.