AZƏRBAYCANIN VƏ SVERDLOV VİLAYƏTİNİN MƏDƏNİYYƏT NAZİRLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞA DAİR PROTOKOL İMZALANMIŞDIR
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu bu münasibətlə təşkil olunmuş mərasimi açaraq bildirdi ki, oktyabrın 21-dən 23-dək ölkəmizdə Sverdlov Vilayətinin mədəniyyət günləri keçirilir. Bu müddətdə bakılılar vilayətdən gəlmiş 120-dən artıq sənət adamı ilə tanış olacaq, onların ifasında teatr tamaşasına baxacaq, konsertlərini dinləyəcəklər.
Azərbaycan ilə Rusiya, o cümlədən Sverdlov Vilayəti arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından razılıqla danışan nazir ötən il ölkəmizin sənətçilərinin Sverdlovda hərarətlə qarşılandığını xatırlatdı. Bu vilayətdə Azərbaycan diasporunun milli mədəniyyətimizi uğurla təbliğ etdiyini və buna yaxşı şərait yaradıldığını vurğuladı. Bildirdi ki, hazırda imzalanan protokola əsasən 2005-ci ildə Sverdlovda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur.
Sverdlov Vilayətinin mədəniyyət naziri Natalya Vetrova Azərbaycanda vilayətin mədəniyyət günlərinin keçirilməsindən qürur duyduğunu diqqətə çatdırdı. O, mədəniyyət günlərinin proqramı barədə məlumat verdi. Burada mehribanlıq və qonaqpərvərliklə qarşılandıqlarından məmnunluğunu ifadə etdi. Nazir vilayətin mədəni həyatında, ümumiyyətlə iqtisadi inkişafında Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirdi.
Azərbaycan Respublikası ilə Sverdlov Vilayəti arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair protokolu nazirlər Polad Bülbüloğlu və Natalya Vetrova imzaladılar.
Sonra kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verildi.