Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Türkiyəyə səfəri davam edir
Bakı, 11 may, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, vətəndaş cəmiyyəti nümayəndələri əvvəlcə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla görüşüblər.
Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, QHT-lərin qardaş ölkədəki fəaliyyəti və birgə əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Vətəndaş cəmiyyəti nümayəndələri sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin müavini Evrən Başarın rəhbərlik etdiyi heyətlə görüşüblər.
Görüşdə iki ölkə arasında Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətləri ilə daha da inkişaf edib qardaşlığa çevrilən əlaqələr, hər iki dövlətin uğurları, QHT-lərin yerli və beynəlxalq fəaliyyətləri, birgə əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.