AZƏRBAYCANIN XÜSUSİ XİDMƏT ORQANLARININ FƏALİYYƏTİ ÖLKƏNİN MİLLİ MARAQLARININ QORUNMASINA YÖNƏLMİŞDİR
Nazirliyin İctimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iclasda iqtisadi təhlükəsizlik, getdikcə daha təhlükəli xarakter və geniş miqyas almaqda olan beynəlxalq terrorizmin mübarizə sahəsində əməkdaşlığın yeni reallıqlara uyğun təkmilləşdirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirələrin əsas mövzusu olmuşdur. Tədbir iştirakçıları beynəlxalq terrorizmin təsis dairəsinin genişlənməsinin, cinayətkarların terror-təxribat niyyətlərini həyata keçirmək üçün yeni maliyyə mənbələri axtarmalarının, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması kimi və digər amillərin MDB dövlətlərinin sosial-iqtisadi, ictimai-siyasi sabitliyi, hər bir ölkənin milli maraqları üçün ciddi təhlükə yaratdığını vurğulamışdır.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasında kəşfiyyat fəaliyyəti ölkənin siyasi, iqtisadi, sosial və digər sahələrində milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmişdir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara və beynəlxalq əhəmiyyətli layihələrə mümkün təhdidlərin, habelə ölkənin infrastrukturuna terrorçuların nüfuz etməsinin aşkarlanması, qabaqlanması və qarşısının alınması nazirliyin qarşısında duran öncül vəzifələrdəndir.
Nazir beynəlxalq terrorizmin və transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlərin daha təhlükəli xarakter alması baxımından, ənənəvi əməliyyat və kəşfiyyat fəaliyyəti metodlarına yeni yanaşmanın zəruriliyini bildirmiş, terrorçuluqla müşayiət olunan siyasi və dini ekstremizmə, silahlı separatizmə qarşı yalnız ikili standartlara yol verilmədən, beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi riayət olunmaqla səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulamışdır.
Azərbaycan nümayəndəsinin çıxışı maraqla qarşılanmış, toxunulan məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
Eldar Mahmudov tədbir çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirmişdir.
İclasın iştirakçıları təhlükəsizlik və kəşfiyyat orqanlarının beynəlxalq terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsi sahəsində əməkdaşlığın yeni forma və üsullarının müəyyənləşdirilməsi üçün ciddi müzakirələrin vacibliyini bildirmişlər.