AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Sizi yəhudilərin ən qədim milli bayramlarından olan Roş-Ha-Şana –Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Azərbaycan cəmiyyəti tarixən etnik əlvanlığı ilə seçilmiş, yüz illərlə burada məşkunlaşıb yaşayan xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri, nümunəvi birgəyaşayış qaydaları mövcud olmuşdur. Bu gün müstəqillik yolu ilə inamla addımlayan respublikamızın dövlət siyasətində insan haqları, o cümlədən milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının qorunması prioritet istiqamətlərdəndir. Milli azlıqların etnik-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanması, dil və mədəniyyətinin inkişafı üçün ölkədə əlverişli hüquqi–siyasi şərait bərqərar edilmişdir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, tarixən Azərbaycanda ayrı-seçkilik, antisemitizm halları mövcud olmamış və əsrlər boyu ölkəmiz yəhudilərin əmin–amanlıq şəraitində yaşadıqları doğma vətənə çevrilmişdir. Bu gün respublikamızın digər xalqları kimi, yəhudi icması da milli-mədəni özünəməxsusluğunu qoruyub saxlamaqla ölkədə gedən hüquqi–demokratik proseslərdə, azad vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Azərbaycanda yəhudilərin çoxsaylı milli–mədəni təşkilatları, ictimai-xeyriyyə fondları, sinaqoqları, məktəbləri fəaliyyət göstərir.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə həyatın başlanğıcı, tövbə günü, mənəvi saflıq bayramı kimi qeyd olunan Roş-Ha-Şana qoy hər birinizin həyatında səadət və xoş müjdələr ili olsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2004-cü il.