AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Sizi yəhudilərin ən qədim mərasimlərindən olan Roş-Ha-Şana – Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hamınıza xoşbəxtlik, cansağlığı arzularımı yetirirəm.
Tarixən müxtəlif xalqların mehriban ailə kimi yaşadıqları Azərbaycan bu gün milli müstəqillik yolu ilə inamla addımlamaqdadır. Ölkəmizdə milli azlıqların dil və mədəniyyətinin, milli-dini adət-ənənələrinin qorunub saxlanılması, insan haqları və azadlıqlarının təmin edilməsi üçün zəruri demokratik-hüquqi baza yaradılmışdır. Respublikamızın bütün xalqları kimi, yəhudi əhalisi də ölkədə gedən tarixi proseslərin fəal iştirakçısıdır.
Əminəm ki, müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da yaxından iştirak edəcək, vətənə övladlıq borcunuzu layiqincə yerinə yetirəcəksiniz.
Mənəvi paklıq, tövbə günü və həyatın başlanğıcı kimi bayram etdiyiniz Roş-Ha-Şana qoy hər birinizin həyatında əmin-amanlıq, xoş müjdələr ili olsun.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 oktyabr 2005-ci il.