AZƏRBAYCANIN YIĞMA FUTBOL KOMANDASI NÖVBƏTİ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 26-da Azərbaycanın yığma futbol komandası Vilnüsdə Litva yığması ilə yoldaşlıq görüşü keçirmişdir.
Bu Baltikyanı ölkənin paytaxtı futbolçularımızı şaxtalı və qarlı hava ilə qarşıladı.
“Vetra” stadionunda keçirilən görüşdən əvvəl iki ölkənin dövlət himni səsləndi. Xatırladaq ki, futbolçularımız meydana yeni idman formasında çıxmışdılar.
Futbol azarkeşləri və oyunçular “Neftçi” komandasının 62 yaşında vəfat etmiş keçmiş qapıçısı, 1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı Sergey Kramarenkonun xatirəsini bir dəqiqəlik sükutla yad edirlər.
Nazim Süleymanov və Qurban Qurbanovun rəhbərlik etdiyi Azərbaycan yığması meydana aşağıdakı heyətdə çıxdı: Fərhad Xəlilov, Rail Məlikov, Elnur Allahverdiyev, Emin Quliyev, Mahmud Qurbanov, Zaur Ramazanov, Usim Nduk, Rəşad Sadıxov, Branimir Subaşiç, Zaur Tağızadə, Aleksandr Çertoqanov.
Litvanın şərəfini isə Jidrunas Karçemarskas, Tadas Papetskis, Andrius Şkerla, İqnas Dedura, Arunas Klimaviçyus, Saulius Mikolyunas, Deyvidas Şemberas, Andrius Kşanaviçyus, Marius Stankyaviçyus, Tomas Danileviçyus və Edqar Yankauskas qoruyurdular.
Görüşün ilk dəqiqələri nisbətən sakit mübarizə şəraitində keçdi, lakin bir qədər sonra futbolçularımızın oyununda əsəbilik müşahidə edilməyə başladı. Nəticədə Elnur Allahverdiyevə və Zaur Ramazanova sarı vərəqə göstərildi. Litvalılar görüşün 39-cu dəqiqəsində hesabı açdılar. Bundan əvvəl Elnur Allahverdiyev hakim İqor Staçiç tərəfindən meydandan çıxarıldı, Zaur Tağızadə isə komandamıza növbəti sarı vərəqə “qazandırdı”. Birinci hissədə Zaur Tağızadənin rəqib qapısından top keçirmək imkanı olsa da, zərbəsi dəqiq alınmadı.
Görüşün ikinci hissəsində hər iki komandanın səylərinə baxmayaraq, hesab oyunun axırınadək dəyişmədi.