MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor Astanada teatr festivalının mükafatına layiq görülüb
Astana, 4 noyabr, AZƏRTAC
Azərbaycan teatr sənəti beynəlxalq aləmdə yeni uğur qazanıb. Qazax Dövlət Dram Teatrının aktyoru Xəzər Gəncəli Qazaxıstanın paytaxtında keçirilən III Beynəlxalq “THEATRE ALL” festivalında mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-dən noyabrın 3-dək Astanada keçirilən festival tanınmış qazax dramaturqu, Abay adına Dövlət Mükafatı laureatı Roza Mukanovanın yaradıcılığına həsr olunub.
Tədbirdə Azərbaycan, Qırğızıstan və Qazaxıstanın aparıcı teatr kollektivləri iştirak ediblər.
Xəzər Gəncəli Roza Mukanovanın pyesi əsasında səhnələşdirilmiş “Çadır altında – mən” tamaşasında roluna görə “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafata layiq görülüb.
Mükafatlandırma mərasimi K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında baş tutub.
Tamaşaya gələnlər arasında dramaturq Roza Mukanova və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da olub.
Tədbirin sonunda teatrın kollektivi ilə xatirə şəkli çəkdirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana