ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin kitabı Misirin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb
![Azərbaycanlı alimin kitabı Misirin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb](/files/2015/3/1200x630/14471656894469858440_1200x630.jpg)
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyavanın “Taufiq əl-Həkimin ədəbi görüşləri” kitabı Misirin elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Bu barədə Qahirədən Misir-Rusiya Mədəniyyət və Elm Fondunun sədri, “Advanced Press Hause” nəşr evinin baş direktoru Hüseyn əl-Şafi tərəfindən institutun ünvanına göndərilən məktubda məlumat verilir. Hüseyn əl-Şafi “Taufiq əl-Həkimin ədəbi görüşləri” əsərini çap etdirərək Misirdə yaymaq istədiklərini bildirib. Fondun rəhbəri Şərqşünaslıq İnstitutunda nəşr olunan ərəbşünaslığa dair digər tədqiqat əsərlərini və ərəb dilindən rus dilinə tərcümə olunan əsərləri də çap etdirərək Misir ictimaiyyətinə çatdırmaq niyyətindədir. O, Şərqşünaslıq İnstitutu ilə rəhbərlik etdiyi təşkilatlar arasında əməkdaşlığın əsasını qoymaq və birgə fəaliyyət göstərmək niyyətində olduğunu da qeyd edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, üç il əvvəl rus dilində çap olunan kitab XX əsrin görkəmli Misir yazıçısı, dramaturqu, publisisti və mütəfəkkiri, müasir ərəb ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş Taufiq əl-Həkimin ədəbi görüşlərinin tədqiqinə həsr edilib. O, ərəb novellası janrında realizmin əsasını qoyanlardan olub, məişət, satirik, yumoristik, fəlsəfi və hətta elmi-fantastik əsərlərin müəllifidir. Kitabda Taufiq əl-Həkimin ədəbi görüşlərinə həsr olunan tədqiqat işindən əlavə yazıçının yaradıcılığından bir sıra nümunələrin tərcüməsi təqdim olunur.
Qeyd edək ki, yaxın vaxtlarda Şərqşünaslıq İnstitutu ilə Misir-Rusiya Mədəniyyət və Elm Fondu arasında əməkdaşlığa dair sazişin imzalanacağı gözlənilir.
Misirdə 2006-cı ildən fəaliyyət göstərən Misir-Rusiya Mədəniyyət və Elm Fondu tərəfindən ərəb və rus dillərində kitablar mütəmadi nəşr etdirilir.