Azərbaycanlı gənclər xarici tələbələri Xocalı soyqırımına biganə qalmamağa çağırıblar
Bakı, 9 fevral, AZƏRTAC
Almaniyanın Türingiya vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq və yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə “İnsanlıq üçün ayağa qalx” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən Yena şəhərinin Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə vilayətin müxtəlif universitetlərində təhsil alan alman və digər xarici tələbələr iştirak ediblər.
Assosiasiyanın fəallarından olan Emil Mirzəyev tədbirin 1992-ci il fevralın 26-da dünyanın gözü qarşısında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımına həsr edildiyini deyib. Vurğulanıb ki, bu soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir.
Tədbirdə Xocalı soyqırımı barədə sənədli film nümayiş etdirilib. Təşkilatın fəal üzvlərindən Murad Cəlalov Azərbaycan ərazilərinin işğalı və Xocalı hadisələri zamanı əsir düşmüş və girov götürülmüş insanların taleyi, ermənilərin girovluqda olan şəxslərlə amansız davranışıları haqqında danışıb. O, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun doğulduqları torpaqları ziyarət edərkən ermənilər tərəfindən girov götürülməsi, sonuncunun isə girovluqda öldürülməsi barədə də tədbir iştirakçılarını məlumatlandırıb və bütün bunların dünyanın gözü qarşısında baş verdiyini vurğulayıb. M.Cəlalov gəncləri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı və vəhşiliklərə insanlıq adına səssiz qalmamağa çağırıb.
Çıxışlardan sonra Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi nümayiş etdirilib.
Tədbir zamanı xüsusi stenddə erməni terrorunu və vəhşiliyini əks etdirən kitab, jurnal və fotolar sərgilənib. Nümayiş olunan nəşrlərə maraq göstərən iştirakçılara erməni terroru və Xocalı soyqırımı barədə disklər paylanılıb.