Azərbaycanlı iş adamları Kolumbiyada keçiriləcək qəhvə, kakao və aqroturizm sərgisinə dəvət olunurlar
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 30-dan oktyabrın 2-dək Kolumbiyanın Neiva (Huila) şəhərində keçiriləcək "İkinci Beynəlxalq qəhvə, kakao və aqroturizm (FICCA)” sərgisi keçiriləcək.
Kolumbiyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı iş adamları sərgidə iştiraka dəvət olunublar.
Qeyd edək ki, hazırda Kolumbiya yumşaq və xüsusi qəhvə istehsalı ilə bütün dünyada məşhurdur. Bu, Kolumbiya qəhvəsini dünyanın ən yaxşılarından birinə çevirib. Huila bölgəsi isə öz yumşaqlığı, ətri və dadı ilə seçilən Kolumbiya qəhvəsinin əsas istehsalçılarından biridir. Digər tərəfdən, Kolumbiya incə və ətirli kakao keyfiyyəti sayəsində də dünyada məşhurdur və Huila bölgəsi bu məhsulun ən böyük ixracatçısıdır.
Sərginin əsas məqsədi Kolumbiyada keyfiyyət və kəmiyyət baxımından əsas kofe istehsalçısı olan Huila bölgəsinin 11 illik liderliyindən sonra bu regionun yerli inkişafa, eləcə də marketlərin genişləndirilməsinə və istehsalın gücləndirilməsinə bundan sonra da töhfə verməkdir. Tədbirin digər məqsədi isə Huila mənşəli kənd təsərrüfatı məhsullarını və kənd turizmini dünyada tanıtmaqdır.