SİYASƏT
Azərbaycanlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələ BMT-də qaldırılmışdır
Bakı, 24 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan doqquz yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni BMT-də qaldırmışdır.
Ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bununla bağlı təşkilatın baş katibi Pan Gi Muna məktub ünvanlamışdır. Bu məktub, həmçinin, BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə göndərilmişdir.
Məktubda deyilir: “Martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini, doqquz yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açmışdır. Uşaq başından yaralanş və xəstəxanaya aparılarkən dünyasını dəyişmişdir. Biz dəfələrlə bildirmişik ki, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozaraq təkcə Azərbaycan əsgərlərinə deyil, həm də cəbhəyanı bölgələrdə yaşayan dinc sakinlərə hücum edir, onları öldürürlər”.
Səfir vurğulamışdır ki, son illərdə atəşkəsin pozulması halları daha da artmışdır. Mənim təmsil etdiyim hökumət Ermənistanın növbəti təhlükəli təxribatına qəti etirazını bildirir. Azərbaycanlı uşağı qəsdən öldürməklə və bu mənfur cinayətə görə məsuliyyətdən utanmadan imtina etməklə Ermənistan tərəfi bir daha göstərmişdir ki, onlar doqquz yaşlı uşağın həyatına son qoymaqla vicdan əzabı çəkmirlər, insanlığın mənəvi və etik prinsipləri onlara yaddır. Dinc sakinlərə edilən hücumlar həm də Ermənistanın beynəlxalq hüquqa və münaqişənin həlli prosesi çərçivəsində götürdüyü öhdəliklərə davamlı hörmətsizliyini göstərir. Qeyd etmək lazımdır ki, azərbaycanlı uşaq Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqu davam etdirmək məqsədilə keçirilmiş görüşündən üç gün sonra öldürülmüşdür. Bu, işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisədir.
A.Mehdiyev həmçinin qeyd etmişdir ki, uşağın öldürülməsi Ermənistanın münaqişənin siyasi yollarla və konstruktiv şəkildə həllini istəmədiyini bir daha sübut edir: “Mənim təmsil etdiyim hökumət ümid edir ki, Fariz Bədəlovun öldürülməsi obyektiv və ətraflı araşdırılacaqdır. Təqsirkarların məsuliyyətə cəlb olunması üçün qəti addımlar atılacaqdır. Davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması üçün Ermənistan ilk növbədə öz təxribatçı və düşmənçilik siyasətini dayandırmalı, işğala dərhal son qoymalı, öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməli, bununla da azərbaycanlı qacqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidir”,-deyə diplomat tələb etmişdir.