Amerikalı ekspert: Xartiya Amerika investisiyalarının Azərbaycana cəlbini nəzərdə tutur VİDEO
Vaşinqton, 11 fevral, AZƏRTAC
“ABŞ-ın Vitse-prezidentinin Qafqaz regionuna yüksəksəviyyəli səfəri zamanı rəsmi Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması çox mühümdür”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.
Onun sözlərinə görə, bu müqaviləyə enerji, müdafiə, geosiyasi məsələlər, terrorizmlə mübarizə, kommunikasiya kimi bir çox səviyyələrdə əməkdaşlıqla bağlı vacib məqamlar daxildir. O, həmçinin müqavilə əsasında yüksək texnologiyalar, telekommunikasiya, süni intellekt sahələrinə Amerika investisiyalarının cəlbinin nəzərdə tutulduğunu qeyd edib.
“Bu, çox vacibdir, çünki Amerikanın Ermənistanla da oxşar bir müqaviləsi olduğu üçün vəziyyəti yenidən balanslaşdırır. Bu razılaşma Azərbaycanı Naxçıvanla etibarlı şəkildə birləşdirəcək yol və dəmir yolu dəhlizinin tikintisinə gətirib çıxaracaq, buna görə də bu, həqiqətən mühümdür. Bu, Ermənistan üçün də əhəmiyyətlidir, çünki layihənin Amerika Birləşmiş Ştatları Prezidentinin himayəsi altında həyata keçirilməsi bir növ təhlükəsizlik zəmanəti verir.
Bu dəhliz istifadəyə verildikdən sonra onun Şərqi Aralıq dənizini, Türkiyəni, Ermənistanı, Azərbaycanı, Xəzər dənizini, Qazaxıstanı, Türkmənistanı və digər ölkələri birləşdirəcək Orta Dəhlizin çox vacib bir hissəsi olacağını unutmamalıyıq. Beləliklə, bu, potensial olaraq ticarət, biznes, investisiyalar üçün Avropanı, Aralıq dənizini, Yaxın Şərqi və Mərkəzi Asiyanı birləşdirən çox vacib bir dəhlizdir və inanıram ki, bütün region üçün üstünlüklər yaradacaq”, - deyə ekspert əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton