Bakıda Litvanın Müstəqillik Günü qeyd olunub VİDEO
Bakı, 11 fevral, foto Səfiyar Məcnun, AZƏRTAC
Fevralın 11-də Litvanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş “Čiurlionis in Jazz – Günəşin Prelüdiyası” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Litvanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus çıxış edərək, Litva dövlətçiliyinin 1918-ci ildə xalqın möhkəm iradəsi və istiqlal uğrunda aparılan qəhrəmanlıq mübarizəsi nəticəsində bərpa olunduğunu vurğulayıb. Bildirib ki, ortaq tarixi təcrübələr Litva və Azərbaycan xalqlarını daha da yaxınlaşdırır, güclü həmrəylik bağlarının formalaşmasına şərait yaradır.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasındakı münasibətlərin tarixindən danışaraq, 2007-ci ildə Prezident İlham Əliyevin Litvaya səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırladıb və ölkə liderlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsindəki xüsusi rolunu vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib.