Azərbaycanlıların sevinci də, kədəri də mənimdir
Paris, 25 fevral (AZƏRTAC). Azərbaycanlıların sevinci də, kədəri də mənimdir.
Bu sözləri fransız bəstəkarı, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilua fevralın 24-də Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisin Sən-Roş kilsəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan tədbirdəki çıxışında səsləndirmişdir.
Avropa-Azərbaycan Cəmiyyəti Paris ofisinin rəhbəri Eliza Pieter tədbiri açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin işğalı zamanı soyqırımına məruz qalmış 613 sakinin xatirəsinin cəmiyyət tərəfindən hər il yad edildiyini diqqətə çatdırmışdır.
Azərbaycan musiqisi və mədəniyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizə səfər etdiyini xatırladan bəstəkar Pyer Tilua Xocalı faciəsi qurbanlarının xatirəsini musiqi ilə yad etdiyini vurğulamışdır. Sonralar ölkəmizdə dəfələrlə səfərdə olduğunu vurğulayan bəstəkar demişdir: “Azərbaycanlıların sevinci də, kədəri də mənimdir”.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Fransa ictimaiyyətinin nümayəndələri və diaspor təşkilatlarımızın təmsilçiləri iştirak etmişlər.
Mərasimdə P.Tiluanın “Xocalı 613” əsəri ilə yanaşı, Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.
Tədbirdə iştirak edən “Hakimiyyətin səsi” qəzetinin redaktoru Tərlan Ağayev AZƏRTAC-a müsahibəsində demişdir: “Xocalı faciəsi təkcə Azərbaycan tarixinin deyil, XX əsr bütün bəşər tarixinin ən qanlı və heç vaxt yaddaşlardan silinməyəcək səhifələrindən biridir. Azərbaycanlıların qanına susamış erməni hərbçiləri bir gecədə dinc sakinlərə-qadınlara, uşaqlara və yaşlı insanlara qarşı tarixdə görünməmiş vəhşiliklə divan tutmuş, onları amansızlıqla qətlə yetirmişlər. Onlar bununla azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardıqlarını bir daha sübut etmişlər. Xocalı soyqırımı qurbanları heç vaxt unudulmayacaq və onların qanı yerdə qalmayacaqdır.
Harada yaşamasından asılı olmayaraq vətənini qəlbən sevən hər kəs Azərbaycan həqiqətlərini, xüsusilə Xocalı soyqırımını dünya ictimaiyyətinə, o cümlədən erməni lobbisinin güclü olduğu Fransada insanların diqqətinə çatdırmağa borcludur. Elə bu səbəbdən də redaktoru olduğum qəzetin bütünlükdə Xocalı soyqırımına həsr olunan xüsusi nömrəsini fransız və ingilis dillərində çap edərək Fransada yaymağı qərara almışıq. Xocalı soyqırımı ilə bağlı Parisdə və Strasburqda keçirilən anma mərasimlərində həmin nömrəni iştirakçılar arasında yaymışıq. Qəzetdə faciə ilə bağlı materiallar və fotolarla tanış olan fransızlar soyqırımı barədə əsl həqiqəti əldə etdiklərini bildirirlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris