İQTİSADİYYAT
“Azercell” 15 illiyini qeyd edir
Bakı, 1 yanvar (AZƏRTAC). “Azercell Telekom” MMC yaranmasının 15 illiyini qeyd edir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, hazırda mobil rabitə bazarının 55 faizinə nəzarət edən şirkət 4 milyondan çox abonentin etibarını qazanmışdır. “Azercell” şəbəkəsi ölkənin 80 faizini əhatə edir və əhalinin 99,8 faizini keyfiyyətli və etibarlı rabitə xidmətləri ilə təmin edir. Şirkətin dövlət büdcəsinə ödədiyi vergilər 1 milyard ABŞ dollarından artıqdır. Bu mobil operatorun Azərbaycanın telekommunikasiya sektoruna yatırdığı sərmayənin ümumi məbləği də 1 milyard dollardan çoxdur.
“Azercell” GSM texnologiyası ilə ilk dəfə olaraq fakturasız xətt sistemi (SİM-SİM), GPRS, EDGE, fasiləsiz işləyən telefon-məlumat mərkəzi, “Simurq” və tam xidmət göstərən “Azercell Ekspres” ofislərini yaratmışdır. “TeliaSonera” qrupunun üzvü kimi ölkəmizdə yeni nəsil texnologiyası 3G və 4G-nin sınaqları da ilk dəfə olaraq məhz “Azercell” tərəfindən aparılmışdır.
Rouminq xidmətini tətbiq edən şirkət artıq dünyanın bütün ölkələri ilə rouminq əlaqəsi yaratmışdır. Hazırda MMC-nin ölkə ərazisində 2 400-ə yaxın radio baza stansiyası ən ucqar ərazilərdə belə keyfiyyətli rabitəni təmin edir. Cəbhə bölgələrində, Xəzər dənizində və Naxçıvanda ilk stansiyalar məhz “Azercell” tərəfindən quraşdırılmışdır.
Şirkət tərəfindən son on beş ildə təhsil, səhiyyə, idman, mədəniyyət, gənclər və uşaqların inkişafı sahəsindəki sosial layihələrin həyata keçirilməsinə 15 milyon ABŞ dollarından artıq vəsait sərf edilmişdir. “Azercell” öz işçilərinin inkişafına təxminən 12 milyon ABŞ dolları həcmində sərmayə yatırmışdır.
Son illərdə “Azercell Telekom” MMC nüfuzlu beynəlxalq müsabiqələrin qalibi, “Stevie”, “Socrates”, “İnternational Star”, “Caspian Energy İntegration Award və Progress” kimi mükafatların sahibi olmuşdur.
“Azercell” “Eurovision-2012” mahnı müsabiqəsinin əsas tərəfdaşıdır. Azərbaycandakı fəaliyyətini davam etdirən şirkət gələcəkdə də öz abonentlərini daha yeni keyfiyyət, yeni kampaniya və tarif paketləri, eləcə də müxtəlif layihələrlə sevindirəcəkdir.