“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub
Bakı, 8 sentyabr, AZƏRTAC
“AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə 7-ci səyyar tibbi müayinə aksiyası keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold”un fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan aksiya ənənəvi olaraq “Öncə sağlamlıq!” devizi ilə təşkil edilib.
Sosialyönümlü layihə çərçivəsində “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən rayonunda, xüsusilə “Çovdar” qızıl mədəninin ətrafında yerləşən kənd və yaşayış məntəqələrinin sakinlərinin ödənişsiz tibbi müayinələrdən keçməsi təmin olunub. Aksiya çərçivəsində 322 nəfər rayon sakini müxtəlif ixtisaslar üzrə həkim müayinəsindən keçib.
Sakinlər oftalmoloq, terapevt, LOR, endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrahın xidmətlərindən yararlanıblar. Bununla yanaşı, USM, EXO, EKQ, qan və sidiyin ümumi analizi, virus hepatitlərinin və qanda şəkərin təyini kimi diaqnostik müayinələr də aparılıb.
Sakinlər müasir avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikanın xidmətlərindən də yararlanıblar. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər oftalmoloji müayinələr həyata keçirilib.
Aksiya müddətində ümumilikdə 2165 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan şəxslərə müvafiq müalicə və əlavə müayinələrlə bağlı tövsiyələr verilib. İxtisaslaşmış tibbi yardıma ehtiyacı olan vətəndaşlara isə aidiyyəti tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.
Qeyd edək ki, “AzerGold” QSC 2021-ci ildən etibarən fəaliyyət göstərdiyi ucqar yaşayış məntəqələrində əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi müayinə aksiyaları təşkil edir.
Layihə xəstəliklərin erkən aşkarlanmasına və profilaktik müayinə mədəniyyətinin təşviqinə xidmət edir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 3258 sakinə 14 min 55 tibbi xidmət göstərilib.