“Azərikimya”da növbəti qanvermə aksiyası
Sumqayıt, 12 may, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində xəstələr üçün 2010-cu ildən bəri hər il keçirilən növbəti qanvermə aksiyasına start verilib. Aksiya iki gün davam edib.
AZƏRTAC xəbər verir ki, “Azərikimya” İB-nin dəvəti ilə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 9 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan qanvermə aksiyasının ilk günündə Birliyin Etilen-polietilen zavodundan könüllü müraciət etmiş 82 kimyaçı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra 53 nəfərdən qan götürülüb.
Aksiyasının ikinci günündə isə “Azərikimya” İB-nin idarəetmə aparatının və Təmir-tikinti İdarəsinin 80 əməkdaşı bu humanitar aksiyaya qoşulub. Müayinə sonrası 52 işçi könüllü olaraq qan verib.
Bununla da iki gün ərzində “Azərikimya” İB üzrə 105 kimyaçı minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu xeyirxah aksiyada iştirak edərək, hemofiliya və talassemiyalı xəstələr üçün qan veriblər.