“Azəriqaz”: Mənzilini tərk edən abunəçinin qaz paylayıcısını məlumatlandırması təhlükəsizlik baxımından vacibdir
Bakı, 8 yanvar, AZƏRTAC
Mənzildə bir aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə, qaz paylayıcısının bu barədə əvvəlcədən məlumatlandırılması istehlakçının vəzifəsidir.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan müddəa “Qazdan istifadə haqqında” Qaydaların 3.2.10-cu yarımbəndində öz əksini tapıb. Həmin yarımbəndə görə həmin məlumatlandırma yazılı qaydada olmalıdır. Bundan başqa, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3-cü (İstehlakçının vəzifələri) bəndində bir sıra vəzifələr təsbit olunub. Bu vəzifələrə “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək, “Qazdan istifadə qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək aiddir.
Vətəndaşların müxtəlif səbəblərdən (bağ evində müntəzəm yaşayışın olmaması, məzuniyyət və ya tətilə çıxması, iş yerinin başqa ərazidə yerləşməsi və sair) qazlaşdırılmış obyektdə bir aydan çox müddətdə yaşamayacağı təqdirdə, bu haqda qazpaylayıcısının məlumatlandırılmasının əsas təyinatı düzgün və ya təyinatı üzrə istifadə olunmadığı səbəbindən qazın partlayıcı, boğucu xüsusiyyətlərini nəzərə alaraq ev və ya mənzildə ehtimal olunan qaz sızması nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasıdır. Bu hallara daha çox payız-qış mövsümündə təsadüf olunduğu üçün istehlakçının bəhs edilən vəzifəsinin xatırlatması da aktualdır.
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi təqdirdə, qaza görə hər hansı bir ödənişi də istisna edir.