“Azəristiliktəchizat” ASC-nin rəhbəri İsmayıllı və Qəbələ sakinləri ilə görüşüb
Bakı, 26 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev İsmayıllı şəhərində İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nihad Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində keçirilən qəbulda istilik təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılıb, müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırmaq üçün qeydiyyata alınıb.