“Azəristiliktəchizat”da qazanxana və istilik məntəqələrində çalışacaq əməliyyatçılara təlim keçirilir
Bakı, 2 noyabr, AZƏRTAC
2023-2024-cü illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində qazanxana və istilik məntəqələrində çalışacaq əməliyyatçıların hazırlanması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin “Tədris Mərkəzi”ndə təlim kursları fəaliyyətə başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, təlim kursları Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası, Yanğın Təhlükəsizliyi və Texniki İstismar qaydalarının tələbləri nəzərə alınmaqla təsdiq edilmiş tədris proqramına uyğun olaraq “Azəristiliktəchizat”ın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır. Tədris ikinövbəli təşkil edilib və 18 yaşından yuxarı bütün kateqoriyalardan olan şəxslərin bu təlimlərdə iştirak hüququ var.
Təlim kursları işə cəlb edilməsi nəzərdə tutulan əməliyyatçıların qazanxana və istilik məntəqələrində quraşdırılmış avadanlıqların istismarı ilə bağlı ən minimal biliklərə sahib olmaqla peşə hazırlıqlarının artırılmasına və istehsal prosesinin təhlükəsizliyinin təmin edilməsinə imkan verəcək.
Təlim kursunun yekunlarına görə dinləyicilərin bilikləri və işgüzar keyfiyyətləri qiymətləndiriləcək və bunun əsasında onların “Azəristiliktəchizat”ın balansında olan qazanxana və istilik məntəqələrində sərbəst işə buraxılması ilə bağlı tövsiyələr hazırlanacaq.