“Azərpoçt” maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə qoşulub
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə “Azərpoçt” MMC də qoşulub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinə və 2018-ci il 28 sentyabr tarixli Sərəncamla təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetinə uyğun olaraq hazırlanmış Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması işləri davam etdirilir. Artıq əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən “Azərpoçt” MMC də sözügedən məlumat-axtarış sisteminə qoşulub. Belə ki, bu sistemin (“infobank.az”) tərkibində “Filial və şöbələr”, “Bankomatlar”, “Ödəniş terminalları”, “Ödəniş kartları” bölmələrində “Azərpoçt” MMC-nin müvafiq məlumatları yer alıb.
Əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inklüzivliyini təmin edən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.