“Azərsun” şirkəti Rusiya bazarlarını fəth etməyə başlamışdır
Moskva, 31 yanvar (AZƏRTAC). 1991-ci ildə Azərbaycanda yaradılmış “Azersun Holdinq” şirkətlər qrupu bu gün ərzaq malları istehsalı, ticarət və kənd təsərrüfatı sahəsində lider şirkəti olmaqla bərabər, həm də ölkənin aparıcı ixracatçı şirkətlərindən biridir.
Şirkətlər qrupunun Rusiyadakı törəmə şirkəti olan “San Treyd”in rəsmi nümayəndəsi İlham Səidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes nümayəndələrinə müraciətlə Azərbaycan biznesinin digər ölkələrdə sərmayədar kimi iştirakının coğrafiyasını və fəaliyyət miqyasını genişləndirməyin zəruri olduğunu bildirəndə “Azərsun” bu müraciətə birinci olaraq cavab verənlər sırasında olmuşdur. İ.Səidov demişdir: “Şirkətimiz bunu əsas götürərək 2010-cu il sentyabrın 2-də RF-nin Krasnodar diyarının Beloreçensk şəhərində yeni çay çəkici fabriki açmışdır. Təntənəli açılış mərasimində Krasnodar diyarının vitse-qubernatoru Canbulat Xatuov və direktorlar şurasının sədri, bizim şirkətin prezidenti Abdolbari Gözəl də iştirak edirdi. Artıq Beloreçenskdə 3 növ - “Azərçay”, “Məryəm” və Rusiya bazarı üçün yeni brend olan “Kuban” növlü çayların genişmiqyaslı istehsalı tənzimlənmişdir. Fabrikin investisiya dəyəri 2,5 milyon ABŞ dollarına bərabər olmuşdur”.
O daha sonra bildirmişdir ki, Beloreçenskdə istehsal gücü ildə 50 milyon bankaya bərabər olan meyvə-tərəvəz konservləri zavodunun tikintisi 2010-cu ilin sentyabr ayında başlanmışdır. 2012-ci ildə istifadəyə veriləcək layihənin (konserv zavodu və kənd təsərrüfatı kompleksi) investisiya dəyəri birinci mərhələdə təqribən 8 milyon dollar olacaqdır.
Şirkət nümayəndəsinin sözlərinə görə 2010-cu ildə “Azərsun Holding” Tatarıstanda “Tatarsun” adlı törəmə firma açmışdır. Bu firma da uğurla işləyir.
Müxbirimiz İlham Səidova belə bir sual vermişdir: “Rusiya bazarlarını fəth etmək çətindirmi?”. İ.Səidov cavab vermişdir ki, Rusiya bazarı nəhəng bazardır, ona görə də hələlik biz həmin bazarı fəth etdiyimizi deyə bilmərik.
“Azərsun Holding” şirkətlər qrupunun RF-dəki törəmə şirkəti olan “San Treyd”in rəsmi nümayəndəsi İlham Səidov sonda demişdir: “Bu ucsuz-bucaqsız bir bazardır və həmin bazara çıxış özlüyündə o qədər də əlamətdar hadisə deyildir. Bu, dənizdə bir damlaya bənzəyir, lakin biz daha çox bazarları əhatə etmək, inkişaf etmək və ölkəmizi xaricdə layiqincə təmsil etmək üçün mümkün olan hər şeyi edəcəyik”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
######
