AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO







Bakı, 22 sentyabr, AZƏRTAC
AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Sinxua agentliyinin baş katibi Jinq Ruyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Vüqar Əliyev agentliyin fəaliyyəti barədə məlumat verib, Sinxua və Çinin digər KİV-ləri ilə sıx əlaqələrin olduğunu vurğulayıb. AZƏRTAC və Sinxua arasında əməkdaşlığın bu il 20 illiyinin tamam olduğunu diqqətə çatdıran İdarə Heyətinin sədri münasibətlərin yeni səviyyəyə yüksəldilməsinin önəmini qeyd edib.
“Xəbər agentliklərinin əməkdaşlığına yenidən baxılması zamanın tələbidir. İnformasiya mühiti dəyişir və sosial medianın genişlənməsi xəbərlərin daha sürətlə yayılmasına, eyni zamanda, feyk məlumatların da yaranmasına səbəb olur. Belə şəraitdə etibarlı informasiya mənbəyi kimi aparıcı agentliklərə böyük ehtiyac var. Bu baxımdan ölkələrimiz haqqında daha dolğun məlumatların yayılması üçün əlaqələrimizi daha da gücləndirməliyik”, - deyə Vüqar Əliyev qeyd edib.
Sinxua xəbər agentliyinin baş katibi Jing Ruyue iqtisadi mövzuda informasiyaların mübadiləsinin önəmindən danışaraq, AZƏRTAC ilə bu sahədə əməkdaşlığı şaxələndirmək niyyətini önə çəkib. “Bu, Azərbaycanın biznes həyatı barədə informasiyaların Çin cəmiyyətinə, eyni zamanda, Çin sahibkarları ilə bağlı məlumatların Azərbaycanın biznes ictimaiyyətinə çatdırılmasına xidmət edər. Bu istiqamətdə məlumatlılığın artırılması iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olar”, - deyə o bildirib.
Görüşdə, həmçinin iki agentlik arasında foto və video mübadiləsi, beynəlxalq informasiya platformalarında, o cümlədən AZƏRTAC-ın da həmtəsisçisi və üzvü olduğu “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı Platformasında birgə fəaliyyət məsələləri diqqətdə saxlanılıb.
Qonaqlar AZƏRTAC-ın muzeyi, agentliyin binasında jurnalistlər üçün yaradılmış şərait ilə tanış olub, iş prosesini izləyiblər.