AZHAB Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi” yaradılıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis toplantısı və ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
İclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.
“İƏT-in KOB şəbəkəsi”nin təsis olunmasına həsr olunmuş AZHAB Forumunun ilk panel iclasında İƏT-ə üzv ölkələrin KOB-larla əlaqəli qurumlarının nümayəndələri çıxış edərək, təmsil etdikləri ölkələrin və təşkilatların KOB-lara dəstək və xidmət sahəsində təcrübələrini, əməkdaşlıq imkanlarını bölüşüblər.
Tədbirdə Türkiyəni KOSGEB, Səudiyyə Ərəbistanının MONSHAAT, Mərakeşin “Morocco PME”, həmçinin İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d'İvuarın müvafiq qurumlarının nümayəndələri təmsil edib. Paneldə KOBİA tərəfindən Azərbaycanda KOB-lara dəstək və xidmətlər, ölkəmizin KOB ekosistemi barədə məlumat verilib.
İclasda çıxış edən spikerlər KOB-ların bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsi, iqtisadiyyatda və məşğulluqda önəmli paya malik olduğunu vurğulayıblar. Bildirilib ki, İƏT ölkələrində isə şirkətlərin 99,9 faizini KOB-lar təşkil edir və onların məşğulluqda payı 93 faizdən çox, əlavə dəyərdə isə 85 faizə yaxındır.
“İƏT KOB-lar şəbəkəsi”nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə təşkilatın ilk təsis yığıncağına ev sahibliyi etməsi və kiçik və orta sahibkarlığın inkişafı sahəsində regional əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edilib.
Təsis toplantısı çərçivəsində, həmçinin şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcək.