AzKİL ÇƏRÇİVƏSİNDƏ GÖYÇAYIN KƏNDLƏRİNDƏ SOSİAL İNFRASTRUKTUR BƏRPA OLUNUR
AZƏRTAC xəbər verir ki, Göyçay rayonunun ikinci böyük yaşayış məntəqəsi olan Ləkçılpaq kəndində daxili yollar bərpa edilmişdir. Yolun bərpasına 33 min manat vəsait xərclənmişdir. Beş kilometr uzunluğu, 3,5 metr eni olan kəndarası yol bir ay ərzində bərpa olunmuşdur. Ərazidə bir yeni su keçidi quraşdırılmış, 6 su keçidi təmir edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Azərbaycan Kənd İnvestisiya Layihəsi - AzKİL çərçivəsində yenidən qurulmuş yolun açılış mərasimində Nazirlər Kabinetinin məsul əməkdaşı Şamil Ağabalayev, AzKİL direktorunun müavini Gülbəniz Qəmbərova, Ləkçılpaq bələdiyyəsinin sədri Aydın Əliyev çıxış edərək bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin rifah halının yüksəlməsi ilə yanaşı, sosial infrastrukturun bərpası və yenidən qurulması da dövlətimizin daim diqqət mərkəzindədir. Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində son illər respublikamızın Muğan-Salyan, Düzən Şirvan və Naxçıvan regionlarında kəndlərin sosial infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlər buna bariz nümunədir.
Göyçay rayonunun kənd bələdiyyələri AzKİL-in Düzən Şirvan Regional Əməliyyatlar Ofisi ilə sıx əməkdaşlıq etməklə vətəndaşların içməli suya və suvarma suyuna olan ehtiyaclarının ödənilməsinə, kəndarası yolların yenidən qurulmasına, təhsil və səhiyyə ocaqlarının təmirinə, elektrik enerjisi, təbii qaz verilişinin və drenaj sisteminin bərpasına nail olmuşlar.
Tədbirdə çıxış edən kənd sakinləri yolun bərpasına görə Azərbaycan Hökumətinə minnətdarlıq etmişdir.
AzKİL çərçivəsində ötən il Göyçayın 11 kəndində belə sosialyönümlü layihələr həyata keçirilmişdir. Hazırda rayonun Çaxırlı, Məlikkənd, İnçə Hacalıkənd, Qızılağac, Cəyirli, Bığır, Yeniarx, Çərəkə, Potu, Müskürlü, Mallı Şıxlı, Üngütlü, Qaraməryəm kəndlərində Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına sosial infrastrukturun bərpası istiqamətində işlər aparılır.
AzKİL çərçivəsində Göyçay rayonun yaşayış məntəqələrində bu günədək həyata keçirilmiş və hazırda davam etdirilən layihələrə ümumilikdə 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır.