AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 8-də Bakıda, Heydər Əliyev adına İdman-konsert kompleksində “Poliqrafiya və qablaşdırma, dəftərxana ləvazimatı, reklam və media - AzPrintMedia-2004” 2-ci Azərbaycan Beynəlxalq sərgisi açılacaqdır. Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirilmişdir. Konfransda Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, İteca Caspian şirkətinin layihə meneceri Bəhruz Hidayətzadə və AzPrintMedia sərgisinin meneceri Yuliya Qureyeva sərgi haqqında ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, Böyük Britaniyanın İTE Group PLC şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian tərəfindən təşkil olunmuş tədbirdə çap, dəstləşdirmə və ehtiyat hissələri, kağız və karton, poliqrafiya, reklam-bəzək işləri üçün avadanlıq kimi ənənəvi bölmələrlə yanaşı, 2 yeni - qablaşdırma və dəftərxana ləvazimatı bölməsi də nümayiş etdiriləcəkdir.
Sərginin keçirilməsindən məqsəd yeni texnologiyaların istehsalatda tətbiqi və reklam sahəsində son nailiyyətlər haqqında məlumat vermək, ofisləri müasir dəftərxana ləvazimatı ilə təmin etmək, eləcə də Azərbaycan mallarının dünya bazarına çıxarılmasına, yeni tanışlığa və iş əlaqələrinin qurulmasına şərait yaratmaqdır.
Respublika Ticarət və Sənaye Palatası, Azərbaycanda Sərmayələrin Təşviqi və Məsləhət Fondu tərəfindən rəsmi dəstəklənən budəfəki sərgidə dünyanın 10 ölkəsindən 32 şirkət öz məhsullarını nümayiş etdirəcəkdir. Bu isə keçən illə müqayisədə iştirakçıların sayının üç dəfə artması deməkdir.