AZPROMO-NUN HİMAYƏÇİLƏR ŞURASININ V İCLASI KEÇİRİLMİŞDİR
İclası açan İqtisadi İnkişaf naziri Heydər Babayev bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və indi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri sərmayələrin mühitini daha da yaxşılaşdırmaqdan, qeyri-neft sektorunu inkişaf etdirməkdən, ölkə iqtisadiyyatına sərmayələr, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməkdən, rəqabətqabiliyyətli məhsul istehsalına nail olmaqdan ibarətdir.
Nazir demişdir ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət Proqramına uyğun olaraq, növbəti illərdə də regionların sürətli inkişafının təmin edilməsi, yeni iş yerlərinin açılması, əhalinin rifahının yaxşılaşdırılması qarşıda duran məsələlərdir. Fond da öz fəaliyyətini bu vəzifələrin icrasına yönəltməlidir.
Azərbaycan hökuməti ilə yanaşı, yerli və xarici sərmayədarların, beynəlxalq maliyyə təşkilatlarının, biznes assosiasiyalarının və səfirliklərin təmsil olunduğu Himayəçilər Şurasına sədrliyi üzərinə götürməsindən məmnunluq duyduğunu bildirən Heydər Babayev demişdir ki, özəl biznes və hökumət arasında dialoqa görə məsuliyyət daşıyan AZPROMO-nu sahibkarların dost və müttəfiq təşkilat kimi qəbul etmələri olduqca əhəmiyyətlidir. Sahibkarlar əmin olmalıdırlar ki, AZPROMO onlarla əməkdaşlıq üçün açıqdır.
Azərbaycanda biznesin təşkili üçün əlverişli şəraitin olduğunu bildirən nazir yerli və xarici sərmayədarlara münasibətdə bərabərlik siyasətinin Azərbaycan Prezidentinin birbaşa göstərişi ilə həyata keçirildiyini vurğulamışdır. Nazir bu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinin sübutu kimi Şuranın tərkibini və burada təmsil olunan bir sıra xarici şirkətlərin Azərbaycanda uğurlu fəaliyyətini misal göstərmişdir.
H.Babayev bildirmişdir ki, BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) bu yaxınlarda dərc etdiyi “Dünya sərmayə hesabatı-2005”-də 2004-cü ilin nəticələrinə görə birbaşa xarici sərmayələrin cəlbetmə indeksində Azərbaycan birinci yeri tutmuşdur.
İclasda BMT İnkişaf Proqramının Azərbaycandakı rezident- əlaqələndiricisi Marko Borsotti və Bakıdakı Avropa Evinin əlaqələndiricisi Volfqanq Şporrer çıxışlarında təmsil etdikləri qurumların maliyyələşdirdiyi layihələrdən danışmışlar.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Emil Məcidov ötən dövr ərzində görülən işlərdən danışaraq, 2005-ci ildə Fondun həmtəşkilatçılığı ilə 15 iqtisadi forumun keçirildiyini söyləmişdir.
İclasda həmçinin Himayəçilər Şurasının say tərkibi ilə bağlı məhdudiyyət aradan qaldırılmışdır. Himayəçilər Şurası tərəfindən AZPROMO-nın fəaliyyətinə müntəzəm olaraq nəzarəti həyata keçirmək üçün işçi orqan - Müşahidə Şurası yaradılmış və Milli Məclisin deputatı, “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev onun sədri seçilmişdir.
İclasda AZPROMO-ya AB-nin TACİS proqramı çərçivəsində dəstək layihəsinin təqdimatı keçirilmiş, Fondun rəhbərliyinin hesabatı dinlənilmiş, 2006-cı il üçün tədbirlər planı təsdiqlənmiş və Himayəçilər Şurasına yeni üzvlər qəbul olunmuşdur.