AzTU nümayəndə heyəti Qəbələdə “SAVALAN-ASPI Winery” müəssisəsində olub
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda fəaliyyət göstərən “SAVALAN-ASPI Winery” müəssisəsinə səfər edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, məqsəd universitet-sənaye işbirliyinin gücləndirilməsi istiqamətində müəssisələrlə əlaqələrin genişləndirilməsi, həmçinin regionda yaşayan tələbələrin bazar iqtisadiyyatı şəraitində karyera imkanlarına dəstək göstərilməsidir.
Qeyd olunub ki, yüksək texnologiyalar əsasında qurulan, geniş istehsalat sahəsini əhatə edən müəssisənin Qəbələ və İsmayıllı rayonları ərazisində üzüm bağları var və ölkəmizin qeyri-neft sektorunun, xüsusilə ixrac potensialının artırılmasında kifayət qədər mühüm rol oynayır.
Görüşdə birgə layihələrin icrası, ixtisasartırma kursları, xüsusilə qida mühəndisliyi, elektronika, informasiya texnologiyaları, logistika, iqtisadiyyat və menecment ixtisaslarında təhsil alan tələbələr üçün təcrübə və təqaüd imkanları, universitetdə laborator imkanların gücləndirilməsi, regional aspekti nəzərə alınaraq məzunların işlə təmin olunmasına dair yanaşma, eləcə də AzTU brendinin tanıdılması istiqamətində birgə addımların atılması müzakirə edilib.
Qeyd edək ki, AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova, rektorun müşaviri Fikrət Nəbiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı iştirak edib.