Bağça uşaqlarının Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə ekskursiyası təşkil olunub
Bakı, 5 may, AZƏRTAC
Nərimanov rayonundakı akademik Zərifə Əliyeva adına uşaq bağçasının balaca sakinləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə ekskursiya təşkil olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı uşaqlara yanğınsöndürmə texnika və avadanlığı ilə işləmə qaydaları nümayiş etdirilib. Yanğın avtomobilləri və avadanlıq uşaqların böyük marağına səbəb olub.
Uşaqlara, həmçinin odla ehtiyatsız davranmanın fəsadları izah edilib, yanğın baş verdiyi zaman tələb olunan zəruri davranış qaydaları barədə məlumat verilib.