BAHARIN BİRİNCİ AYI YAĞMURLU OLACAQ
Martda respublikamızda hava şəraiti qeyri-sabit keçəcək, ərazinin çox hissəsində orta aylıq temperatur iqlim normalarına yaxın, dağlıq və dağətəyi rayonlarda 1 dərəcə aşağı, Naxçıvan Muxtar Respublikasında isə 1 dərəcə yuxarı olacaqdır. Yağıntının miqdarının normadan artıq olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6 dərəcəyə yaxın olacağı gözlənilir, bu isə iqlim normalarına yaxındır. Yağıntının miqdarı normadan artıq (20-27 mm) olacaqdır. Üçüncü ongünlüyün başlanğıcında, əsasən, güclü qərb və şimal-qərb küləyi əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur müsbət 7-8 dərəcəyə çatacaqdır. Yağıntının miqdarı normadan artıq (22-44mm) olacaqdır.
Yuxarı Qarabağda, İstisu-Laçında, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur müsbət 0-2 dərəcə təşkil edəcəkdir. Yağıntının miqdarı normadan artıq (42-52mm) olacaq, ayın birinci və ikinci ongünlüyündə qar yağacağı, üçüncü ongünlüyündə yağış yağacağı, duman olacağı gözlənilir.
Qazax-Gəncədə, Ağdam-Füzulidə orta aylıq temperatur müsbət 6-7 dərəcə, yağıntının miqdarı normaya yaxın olacaqdır. Bəzən duman olacağı, üçüncü ongünlükdə yağış yağacağı gözlənilir.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz rayonlarında orta aylıq temperatur müsbət 3-4 dərəcə, yağıntının səviyyəsi normaya yaxın, şərq rayonlarında normadan yüksək (38-83 mm) olacaqdır. Yağışlı günlərin sayı 18-20-yə çatacaqdır. Birinci və ikinci ongünlüklərdə qar və yağış yağması, bəzən intensiv olması ehtimalı vardır. Ayın sonunda bəzi qərb rayonlarında leysan gözlənilir. Tez-tez duman olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur müsbət 7-8 dərəcə, yağıntının miqdarı normaya yaxın olacaqdır (25-45 mm). Səhərlər duman olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara bölgəsində orta aylıq temperatur müsbət 7-7,5 dərəcə olacaqdır ki, bu da normaya yaxındır. Yağıntının miqdarı normadan artıq - 59-112 mm olacaqdır. Bəzi günlərdə güclü yağış yağacağı gözlənilir.