BAKI 2016-CI İL YAY OLİMPİYA OYUNLARINI KEÇİRMƏYƏ İDDİALIDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyulun 19-da “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində Bakının 2016-cı il Olimpiya Oyunlarını keçirmək perspektivi ilə bağlı fikirlərini bölüşmək üçün jurnalistlərlə görüşmüşdür.
Çingiz Hüseynzadə bildirmişdir ki, fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə artıq bu yaxınlarda sifariş komitəsi yaradılacaqdır. Komitənin nəzdində təşkil olunacaq işçi qrupu MOK sədri, Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlarla sıx əlaqə şəraitində fəaliyyət göstərəcəkdir.
MOK-un vitse-prezidenti demişdir ki, 2014-cü il Qış Olimpiya Oyunlarının keçirilməsinə iddialı şəhərlər arasında Azərbaycan Soçini dəstəkləmişdir. Çünki idmançılarımız Olimpiada ərəfəsində Azərbaycana coğrafi baxımdan yaxın olan bu şəhərdə daha sərfəli maliyyə şərtləri əsasında hazırlıq keçə biləcəklər. Ç.Hüseynzadə Soçinin digər namizəd şəhərləri üstələməsinin səbəbinin şəhərin maddi-texniki bazası ilə bağlı olmadığını bildirmişdir. O demişdir ki, Avstriyanın Zaltsburq şəhəri daha hazırlıqlı olduğu halda, Beynəlxalq Olimpiya Komitəsi heç bir böyük idman obyekt və qurğularına malik olmayan Soçiyə üstünlük vermişdir. Ç.Hüseynzadə bildirmişdir ki, dövlət tərəfindən verilən təminat bu işdə həlledici rol oynayır. Məsələyə dərindən yanaşdıqda, başqa namizəd şəhərlərlə müqayisədə Bakının da idman infrastrukturu o qədər yüksək səviyyədə deyildir. Lakin mövcud təcrübə bunun səsvermədə həlledici olmadığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə ölkəmizin Olimpiya Oyunlarını keçirmək iqtidarında olduğunu bildirmişdir. Milli Olimpiya Komitəsi də bu istiqamətdə ciddi işlər görür. Azərbaycanın iqtisadi gücü getdikcə artır və hesab edirik ki, biz bu məsələnin öhdəsindən layiqincə gələ biləcəyik.
Olimpiya Oyunlarının tarixinə toxunan vitse-prezident demişdir ki, 50-ci illərdən etibarən bu yarışların müxtəlif qitələrdə keçirilməsi metodu qüvvədədir. Həmin vaxtdan indiyədək Olimpiya Oyunları heç vaxt dalbadal eyni qitədə keçirilməmişdir.
Ç.Hüseynzadə demişdir ki, Olimpiya Oyunlarını keçirməyə iddiaçı şəhərlərin sırası bu ilin sentyabrında təsdiq olunacaqdır. Gələn ilin fevralında bu şəhərlər arasından namizədlər seçiləcək, 2009-cu ilin oktyabrında isə təşkilatçı şəhərin adı məlum olacaqdır.
Yarışları təşkil etmək üçün Bakının kənarında Olimpiya şəhərciyi tikiləcəkdir. Hələlik bu obyektin harada tikilməsi məlum deyildir. Lakin Heydər Əliyev adına Beynəlxalq hava limanına yaxın, Şıxov qəsəbəsi və ya Qobustan rayonu ərazilərində şəhərciyin inşası üçün əlverişli şərait vardır.
MOK-un vitse-prezidenti belə hesab edir ki, ümumiyyətlə, 2016-cı il Olimpiya Oyunlarının təşkilatçılıq hüququ Bakıya verilərsə, bu, ölkəmizə 20 milyard ABŞ dollarına başa gələ bilər.
Yay Olimpiya Oyunlarının başqa şəhərə həvalə ediləcəyi təqdirdə, Bakı 2020-ci və 2024-cü illərdə Olimpiya Oyunlarını təşkil etmək üçün mübarizə aparacaqdır. Ç.Hüseynzadə bildirmişdir ki, bunun üçün biz ilk növbədə müxtəlif şəhərlərdə keçiriləcək Olimpiya Oyunlarının təşkilat komitələrinin təcrübələrindən istifadə edəcəyik.