Bakı Ali Neft Məktəbi Böyük Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 20 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, görüşdə BANM-in rektoru Elmar Qasımov ali məktəbin tarixi, uğurları, tədris prosesi barədə məlumat verib. Böyük Britaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edən rektor qeyd edib ki, BANM-in quruculuğunda bu ölkənin Heriot-Vatt Universitetinin böyük rolu olub və hazırda da həmin universitet əsas tərəfdaşlardan biridir.
Sonra səfir Ceyms Layl Şarpın ali məktəbin tələbələri ilə görüşü keçirilib. Görüşdə səfir iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizənin əhəmiyyətindən, ölkələrin karbon qazı emissiyalarının sıfıra endirilməsi istiqamətində öhdəliklərindən bəhs edib. O, iqlim dəyişikliklərinin və onun canlı aləmə təsirinin getdikcə dünyanı daha çox narahat etdiyini vurğulayaraq, karbon qazı emissiyalarının azaldılması istiqamətində mübarizə metodlarından, bu sahədə qlobal səviyyədə və Böyük Britaniyanın həyata keçirdiyi tədbirlərdən danışıb. Bərpa olunan enerjinin əhəmiyyətini vurğulayan səfir, istixana qazlarının emissiyalarının azaldılmasının ətraf mühitin qorunması istiqamətində rolunu qeyd edib və ətraf mühitin qorunmasında birgə əməkdaşlığın vacibliyinə toxunub.
Səfir, həmçinin xatırladıb ki, bu ilin noyabr ayında Qlazqo şəhərində BMT-nin iqlim dəyişikliyi konfransı - COP26 keçiriləcək və dünya liderləri qlobal iqlim dəyişikliyi təhlükəsi ilə mübarizə yollarını razılaşdırmaq məqsədilə bir araya gələcəklər. O qeyd edib ki, “British Council” təşkilatı və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi həyata keçirdiyi müxtəlif təhsil və mədəni proqramlar vasitəsilə Azərbaycanda COP26 məqsədlərinə dəstək göstərir və bu mövzuda bir çox tədbirlər təşkil edir. “Bizim əsas məqsədimiz iqlim əməkdaşlığına dair dialoq imkanlarını artırmaq, gənclərimizin iqlim dəyişikliyi mövzusunda təşkil olunan müzakirələrdə iştirakını genişləndirməkdir”, - deyə səfir bildirib.
Ceyms Layl Şarp Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq barədə danışaraq, təşkil olunan proqramlar çərçivəsində Azərbaycan gəncləri ilə planlaşdırılan görüşlərin ilkinin məhz BANM tələbələri ilə keçirməkdən məmnunluğunu ifadə edib.
Sonra tələbələri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Səfirə Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.