Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarətlə başlamışdır.
Sonra məktəbdə davam etdirilən tədbirdə rektor Elmar Qasımov bildirmişdir ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımı aktlarından biridir. E.Qasımov ötən yüzilliklərdə törədilmiş faciələri xatırladaraq ermənilərin Quba, Bakı, Şamaxı və digər ərazilərimizdə reallaşdırdıqları soyqırımı aktları haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı Ceyhun Osmanlı bildirmişdir ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımış və bu qanlı qırğını pisləmişlər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov qeyd etmişdir ki, bu gün dünyada silahlar deyil, beyinlər savaşır, informasiya müharibəsi gedir. Bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı vardır. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında fəal olmağa çağırmışdır.
Tədbirin sonunda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən səhnələşdirilmiş “Xocalı-qərib obam” adlı tamaşa və BANM-ın tələbələri tərəfindən sosial şəbəkələrdə istifadə edilmək üçün ingilis dilində hazırlanmış “Xocalı soyqırımı” videoçarxı nümayiş olunmuşdur.