Bakı Avropa Liseyinin 20 yaşı tamam olmuşdur
Bakı, 17 may (AZƏRTAC). Bu günlərdə Bakı Avropa Liseyinin (BAL) 20 yaşı tamam olmuşdur. Əlamətdar gün münasibətilə Heydər Əliyev Sarayında təntənəli yığıncaq keçirilmişdir.
Məktəbin ingilis dili müəllimi Günay Tahirli tədbirlə bağlı AZƏRTAC-ın müxbirinə demişdir:
- Əlbəttə, 20 il təhsil müəssisəsi üçün böyük tarix deyil. Lakin Bakı Avropa Liseyinin bu illər ərzində təqdirəlayiq nailiyyətlər qazandığını söyləsək, yəqin ki, yanılmarıq. Əlamətdar haldır ki, Bakı Avropa Liseyinin 20 yaşı Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 20-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Biz fəxr edirik ki, liseyimizin yaşı müstəqil Azərbaycanın yaşı ilə üst-üstə düşür. Müstəqil Azərbaycan dövlətinin təhsil quruculuğu sahəsində ilk addımları, ilk islahatları həyata keçirmiş BAL qısa müddətdə ciddi nailiyyətlər əldə etmişdir. Şagirdlərimiz təkcə təhsildə deyil, həmçinin idman və mədəniyyət sahəsində də böyük uğurlar qazanmışlar.
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın təhsil sisteminə bir çox yenilikləri BAL gətirmişdir. Müasir təhsil quruculuğuna, yeni tələblərə uyğun islahatlara xidmət edən layihələr BAL-ın daha da inkişafına, nailiyyətlərinə yol açmışdır. İndi liseyimizin məzunlarının sorağı respublikamızın və xarici ölkələrin tanınmış universitetlərindən, elm mərkəzlərindən, istehsalat müəssisələrindən gəlir. Tədris sahəsindən əlavə, liseydə və onun hüdudlarından kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi də ənənəyə çevrilmişdir.
Bütün bunlar barədə bu günlərdə Heydər Əliyev Sarayında keçirilmiş BAL-ın 20 illiyinə həsr olunmuş yubiley tədbirində ətraflı söhbət açılmışdır. Liseyin direktoru Zülfiyyə Veysova məktəbin 20 il ərzində keçdiyi uğurlu yoldan, nailiyyətlərindən söz açmışdır. O, ölkənin ən nüfuzlu liseylərinin birinin “Təhsil haqqında” qanunun tələblərinə uyğun islahatların aparılması istiqamətində həyata keçirdiyi tədbirlərdən ətraflı bəhs etmişdir.
Daha sonra isə məktəblilərin hazırladıqları səhnəciklər Azərbaycan, rus və ingilis dillərində nümayiş etdirilmişdir.
Məktəbin qabaqcıl müəllimləri Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişlər.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, digər dövlət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.