BAKI BİZNES UNİVERSİTETİNİN 15 İLLİYİNƏ HƏSR OLUNMUŞ KİTAB NƏŞR EDİLMİŞDİR
Müstəqil Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin tələblərinə uyğun yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında xüsusi xidmətləri olan Bakı Biznes Universitetinin yaradılmasından 15 il keçir. Ötən illər ərzində universitetin bakalavr hazırlığı üzrə 11, magistr hazırlığı üzrə 7 buraxılışı olmuşdur. Burada 14 doktorluq, 21 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda 11 nəfər doktorluq, 22 nəfər isə namizədlik dissertasiyası üzərində işləyir. Təhsil ocağında “Heydər Əliyev idarəçiliyi məktəbi” fəaliyyət göstərir, rüblük “Audit” jurnalı nəşr olunur.
AZƏRTAC xəbər verir ki, əlamətdar yubiley münasibətilə Azərbaycan, ingilis və rus dillərində “Bakı Biznes Universiteti-15 il” adlı zövqlə tərtib olunmuş, fotoşəkillərlə zəngin kitab nəşr edilmişdir. Kitabda bu elm və təhsil ocağının maddi-texniki bazası, elmi şurasının fəaliyyəti, tədris-metodiki, elmi tədqiqat işləri, beynəlxalq əlaqələri, təlim-tərbiyə, idman sahəsində əldə edilmiş nailiyyətlər barədə yığcam məlumatlar öz əksini tapmışdır.
Oxucular universitetin mövcud fakültələri, kafedraları, tələbə elmi cəmiyyəti, kitabxana fondu, buradakı ixtisaslar və s. haqqında da məlumat ala biləcəklər.
AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun, pedaqoji elmlər namizədi Sabir Əmirxanovun, tarix elmləri namizədi İkram Ağasıyevin hazırladığı kitab təhsil ocağının təsisçisi və rektoru, iqtisad elmləri doktoru İbad Abbasovun elmi redaktorluğu ilə “Biznes Universiteti” nəşriyyatında çap edilmişdir.
######
