Bakı ikinci dəfə “MeasureCamp Baku 2023” tədbirinə ev sahibliyi edəcək
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 5-də ASAN İnnovativ İnkişaf Mərkəzi və “Techmark Academy”nin təşkilatçılığı ilə Bakıda artıq ikinci dəfə “MeasureCamp Baku 2023” tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “MeasureCamp” qeyri-konferans tipli tədbirdir. 26 şəhərdə keçirilən bu tədbir data analitikası, rəqəmsal marketinq və rəqəmsal avtomatlaşdırma mövzuları üzrə müxtəlif sessiyalardan ibarətdir. “Rəqəmsal analitika” mövzusunda keçirilən ödənişsiz tədbirə qatılmaq üçün qeydiyyatdan keçmək kifayətdir. Tədbirdə spiker olmaq üçün bizimlə əlaqə saxlaya və ya tədbir zamanı Sessiya Lövhəsinə (Session Board) adınızı və mövzunu qeyd edə bilərsiniz. Bəli, hər kəs spiker ola bilər.
“MeasureCamp” tədbirini fərqli edən iştirakçıların sessiyalar arasında rahat dəyişiklik edə bilməsidir. Tədbirdə eyni anda bir neçə sessiya olduğu üçün sizə faydalı olan sessiyalara daxil olmaq sərbəstdir. Əgər bir sessiya sizin üçün faydalı deyilsə, “Law of Two Legs” (İki Ayaq Qaydası) ilə siz digər sessiyaya keçid edə bilərsiniz.
Tədbirin məqsədi Azərbaycanda, hətta dünyada olan marketerləri, analitikləri, UI/UX dizaynerləri və buna yaxın sahədə çalışan şəxsləri bir araya toplamaq, təlimlər keçirmək və bu təlimlərlə onların təcrübələrini artırıb cəmiyyətə fayda verməkdir.
İştirakçı olmaq üçün bu linkdən daxil olmaq kifayətdir: https://www.eventbrite.com/e/measurecamp-baku-2023-tickets-677000275047