Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində şəhərlərin iqlim fəaliyyətində rolu müzakirə olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soavenin moderatorluğu ilə keçirilən panel sessiyada şəhərlərin iqlim dəyişmələrinə qarşı mübarizədə rolu, dayanıqlı şəhər inkişafı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Böyük Britaniya Lordlar Palatasının üzvü, NGIC üzvü Patrisiya Skotland çıxışında iqlim dəyişmələri ilə mübarizədə şəhərlərin və yerli icmaların fəal iştirakının vacibliyini qeyd edib.
EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun Layihələrin Hazırlanması üzrə rəhbər müavini Lin O’Qreydi şəhərlərdə dayanıqlı infrastrukturun inkişaf etdirilməsinin iqlim məqsədlərinə nail olunmasında mühüm rol oynadığını vurğulayıb.
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ölkə üzrə nümayəndəsi Aliya Əzimova bildirib ki, şəhərlərin davamlı inkişafının təmin olunması üçün maliyyə resurslarının səfərbər edilməsi və özəl sektorun bu prosesə daha fəal cəlb olunması mühüm əhəmiyyət daşıyır.
İrqçiliyə Qarşı Avropa Şəhərlər Koalisiyasının direktoru Benedetto Zakkirollini çıxışında inklüziv və hər kəs üçün əlçatan şəhər mühitinin yaradılmasının vacibliyindən danışıb.
İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai İşlər üzrə dosenti Anar Vəliyev də mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sessiyada WUF13-ün yekun sənədi olan və inklüziv, davamlı və dayanıqlı şəhərlərlə icmaların inkişafı üçün əsas prioritetləri müəyyən edən Bakı Fəaliyyət Çağırışının icrasına xüsusi diqqət yetirilib.
Həmçinin hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları və özəl sektor arasında tərəfdaşlıqların təşviq edilməsi, bilik mübadiləsinin genişləndirilməsi və əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi yolu ilə iqlim və şəhərsalma gündəliklərinin inteqrasiyasının möhkəmləndirilməsi imkanları müzakirə olunub.