Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışan gənclərin çevikliyi ümumi işə müsbət təsir göstərir
Bakı, 1 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Rəşad Tağıyev tədbirdə çıxış edərək BŞTİ-də kifayət qədər gənc əməkdaşların çalışdığını və onların çevikliyinin, enerjisinin ümumi işə müsbət təsir göstərdiyini bildirib. O, paytaxt təhsilində mühüm nailiyyətlərin əldə edilməsində, milli-mənəvi dəyərlərin qorunması və inkişafında gənclərin müstəsna rolundan danışıb.
Rəşad Tağıyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb.
Tədbirdə çıxış edən gənclər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını söyləyiblər.
Sonda BŞTİ-nin gənc əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.