Bakıda antisanitar şəraitdə xidmət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən, fiziki şəxs Bədəlova Aynurə Kərəm qızına məxsus “Papanin” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı, eləcə də gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağla qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.