BAKIDA BMT-NİN HİMAYƏSİ İLƏ “ENERJİ SƏMƏRƏLİLİYİ VƏ DAVAMLI İNKİŞAF” MÖVZUSUNDA SİMPOZİUM KEÇİRİLİR
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dəstəyi, BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin Davamlı İnkişaf Komissiyası və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Ondan çox dövlətin işçi qruplarının, xarici ölkələrin respublikamızda akkreditə olunmuş səfirliklərinin, beynəlxalq təşkilatların, maliyyə qurumlarının, əcnəbi və yerli şirkətlərin təmsilçilərinin, iş adamlarının əlaqədar nazirlik və komitələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri sənaye və energetika naziri Natiq Əliyev açdı. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyasının həyata keçirilməsi sahəsində əldə edilən uğurlardan danışan nazir, bu layihənin xalqımızın maddi rifahının yaxşılaşmasına, milli dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini, respublikamızın sivil dünya birliyinə inteqrasiyasına geniş imkanlar açdığını, regionda sülh və təhlükəsizliyin, iqtisadi əməkdaşlığın inkişafına misilsiz töhfələr verdiyini konkret faktlarla diqqətə çatdırdı. Hazırda ölkəmizdə 120 transmilli və regional layihənin həyata keçirildiyini, Azərbaycanın ötən il ümumi daxili məhsul istehsalının və adambaşına düşən xarici sərmayənin həcminə görə dünyada lider dövlət olduğunu bildirən nazir xüsusi vurğuladı ki, əldə edilən bu nailiyyətlər ulu öndərin uzaqgörən inkişaf strategiyasının, onun işləyib hazırladığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Ölkəmizdə beynəlxalq təşkilatlarla işbirliyinə xüsusi əhəmiyyət verildiyini vurğulayan nazir, simpoziumun Xəzər dənizi regionu dövlətləri arasında energetika sahəsində əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirdi.
BMT-nin davamlı inkişaf şöbəsinin direktoru xanım Coanna Disano və Davamlı İnkişaf Komissiyasının 14-cü sessiyasına hazırlıq işləri üzrə sədr müavini Cavad Amin-Mansur simpozium iştirakçılarını salamlayaraq tədbirin enerji ehtiyatları ilə zəngin Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğuladılar. Tədbirin vahid Avrasiya enerji sisteminin yaranmasında xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran natiqlər bu il işə düşəcək Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz ixrac boru kəmərlərinin istismara verilməsi ilə regionda yeni geosiyasi vəziyyətin yaranacağını qeyd etdilər. Bildirdilər ki, 3 gün davam edəcək simpoziumda bütün maraqlı tərəflərin iştirakı ilə enerji ehtiyatlarından səmərəli şəkildə, xalqların rifahının yüksəldilməsi naminə istifadəsi, enerji daşıyıcılarının təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək, Xəzər dənizi regionundakı dövlətlərin bu sahədə qazandıqları nailiyyətlər və yeni təşəbbüslər barədə məruzələr dinləniləcəkdir. Qeyd olundu ki, tədbirdə BMT-nin Davamlı İnkişaf Komissiyasının ötən iclasından sonra görülən işlərə yekun vurulacaq, növbəti 14-cü sessiyaya hazırlıq sahəsində mühüm mərhələ olacaq simpoziumda Bakı Deklarasiyası qəbul ediləcəkdir.
Simpoziumun “Enerji təchizatı sistemlərində səmərəlilik. Xəzər dənizi regionunda təşəbbüslər və nailiyyətlər” mövzusunda keçirilən ilk sessiyasında Azərbaycan, Hindistan, İran, Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələrin nümayəndələrinin neft və qaz hasilatında iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz texnologiyaların tətbiqi, istilik elektrik stansiyalarının modernləşdirilməsi və idarə edilməsi, enerji hasilatında su elektrik stansiyalarının rolu və səmərəliliyi, enerji nəqli və paylanması sistemlərinin təhlükəsizliyinin artırılması, rəqabət qabiliyyətinin və ixracın yüksəldilməsi və potensialı, ayrı-ayrı ölkələrdə enerji səmərəliliyi üzrə təşəbbüslər, nailiyyətlər barədə məruzələri dinlənildi, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparıldı, nəticələr, tövsiyələr müzakirə edildi, mövcud problemlərin aradan qaldırılması yolları barədə rəylər səsləndi, maraq doğuran suallar cavablandırıldı.
Simpozium işini davam etdirir.