BAKIDA ƏN MÜASİR ATICILIQ STENDİ İSTİFADƏYƏ VERİLMİŞDİR
OLİMPİYA ÇEMPİONU ZEMFİRA MEFTAHƏDDİNOVANIN ÇIXIŞI
Hörmətli qonaqlar!
Mən bu gün daha bir idman qurğusunun - Atıcılıq stendinin açılışında respublika ictimaiyyəti qarşısında çıxış etməyimə çox şadam. Uzaq Avstraliyanın Sidney şəhərində, XXVII yay oyunlarında mənə məhz bu idman növü üzrə çətin mübarizədə Olimpiya qızıl medalını qazanmaq müyəssər olmuşdur.
Bugünkü açılış bir də ona görə xüsusilə sevindiricidir ki, inşa olunmuş Atıcılıq stendi öz standartlarına görə dünya və Avropa çempionatları zamanı çıxış etdiyim atıcılıq qurğularından geri qalmır.
Biz əvvəllər təsəvvürümüzə belə gətirə bilməzdik ki, Azərbaycanda bu cür yaraşıqlı stend olacaqdır. Mən, ilk növbədə, Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Onun respublikaya qayıdışından və Azərbaycan Prezidenti seçilməsindən sonra gənclərimizin həyatında yeni dövr başlandı. Bu, biz idmançılara da aiddir. Azərbaycan hökumətinin qayğısı sayəsində digər sahələrlə yanaşı, idman da yüksəlməyə başladı, Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə, Şəkidə və Bərdədə yeni olimpiya komplekslərinin tikintisi sürətləndi. Bu, beynəlxalq federasiyaların diqqətini Azərbaycana cəlb etdi, Bakıda yüksək səviyyəli beynəlxalq yarışlar - dünya və Avropa çempionatları keçirilməyə başlandı.
Bunlar hamısı Sizin sayənizdə mümkün olmuşdur, cənab İlham Heydər oğlu. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməyinizdən keçən qısa müddət ərzində Sizin öz çıxışlarınızda dediklərinizin hamısını həyata keçirmək mümkün olmuşdur.
Bizə göstərdiyiniz qayğıya görə mən çoxminli idmançılar ordusu adından Sizə minnətdarlığımı bildirirəm. Biz söz veririk ki, Afinada keçiriləcək XXVIII Olimpiya oyunlarında layiqli mükafat qazanmaq və müstəqil Azərbaycanın vətəndaşlarını yenidən sevindirmək üçün səylərimizi əsirgəməyəcəyik.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Biz öz seçimimizi etmişik. Biz Sizə inanırıq və Sizin siyasətinizi dəstəkləyirik.
X X X
Baş nazir İlham Əliyev mərasimdə çıxış etdi.