BAKIDA “ENERJİ SƏMƏRƏLİLİYİ VƏ DAVAMLI İNKİŞAF” MÖVZUSUNDA SİMPOZİUM İŞİNİ DAVAM ETDİRİR
Simpoziumun “Digər neft istehsal-ixrac edən ölkələrdə enerji səmərəliliyinin təşviqi təşəbbüsləri” mövzusunda ikinci sessiyasında BMT-nin əlaqədar qurumlarının, Çin, Avstraliya, Tailand, Koreya, Qətər, Misir, İranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft Şirkətinin nümayəndələri məruzə etdilər. Dənizdə neft və qaz hasilatında məhsuldarlıq, iqtisadi cəhətdən səmərəlilik, ekoloji təmiz texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi, təbii qazın mayeləşdirilməsi və nəqlində səmərəlilik, enerji ixrac edən ölkələrdə iqlim dəyişikliklərinin zəiflədilməsi təşəbbüsləri, enerji səmərəliliyinin təşviqində siyasi vasitələr, ümumi məsuliyyət, qanunvericilik, tənzimləyici mexanizmlər, maliyyələşmə, regional və beynəlxalq əməkdaşlıq, ayrı-ayrı ölkələrdə enerji səmərəliliyi üzrə əldə edilən nailiyyətlər, enerji nəqli və paylanması sistemlərinin təhlükəsizliyinin artırılması, rəqabət qabiliyyətli ixracın yüksəldilməsi və potensialı barədə məruzələrdən sonra qarşılıqlı fikir və təcrübə mübadiləsi aparıldı, nəticələr, tövsiyələr müzakirə edildi, mövcud problemlərin aradan qaldırılması yolları barədə rəylər səsləndi, maraq doğuran suallar cavablandırıldı.
“Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyasının həyata keçirilməsi sahəsində ölkəmizdə əldə edilən uğurlar, bu layihənin xalqımızın maddi rifahının yaxşılaşmasına, milli dövlətçiliyimizin möhkəmlənməsinə verdiyi töhfələr, respublikamızın sivil dünya birliyinə inteqrasiyasına geniş imkanlar açması, regionda sülh və təhlükəsizliyin, regional iqtisadi əməkdaşlığın genişlənməsinə, inkişafına səmərəli köməyi, beynəlxalq təşkilatlarla işbirliyinin gündən-günə genişlənməsi, eləcə də hazırda ölkəmizdə 120 transmilli və regional layihənin həyata keçirildiyi, Azərbaycanın ötən il ümumi daxili məhsul istehsalının və adambaşına düşən xarici sərmayələrin həcminə görə dünyada lider dövlət olduğu barədə səslənən konkret faktlar qonaqlarda yüksək təəssürat yaratdı.
Simpozium BMT-nin Davamlı İnkişaf Komissiyasının 14-cü sessiyasına hazırlıq çərçivəsində keçirildiyi üçün yekunda bütün maraqlı tərəflərin iştirakı ilə Bakı Deklarasiyası da qəbul ediləcəkdir.
Martın 30-da Simpozium işini başa çatdıracaq, həmin gün nümayəndələrin Səngəçal terminalına səfəri təşkil olunacaqdır.